Mömünə xatun türbəsi — Məşhur Azərbaycan memarı Əcəmi
Naxçıvaninin şah əsəri və Naxçıvan-Marağa memarlıq məktəbinin ən dəyərli abidələrindən
biri. Naxçıvan şəhərinin tarixi mərkəzində — Atabəylər
Memarlıq Kompleksinin tərkibində yerləşir. Mömünə xatun türbəsi həmin kompleksdən
dövrümüzə çatmış yeganə abidədir.
Türbənin uca gövdəsini yuxarıda qapayan yazıda – abidənin baş kitabəsində yazılmışdır: "...bu türbəni dünyanın elmli, adil məliki, böyük qalib Şəmsəddin Nüsrət əl islam və əl müslimin Cahan Pəhləvan atabəy Əbu Cəfər Məhəmməd ibn Atabəy Eldəgiz ...dünyanın və dinin cəlalı, islamın və müsəlmanların namusu Mömünə xatunun xatirəsinə tikməyi əmr etdi!..." Memarlıq tarixi tədqiqatçısı Ə. Ə. Ələsgərzadə baştağ çərçivəsinin üstündə abidənin tikilmə tarixinin "məhərrəm 582" (miladi 1186)–cı ilin yaz çağı olduğunu aydınlaşdımışdır. Türbə yaxınlığında olmuş baştağın kitabəsindəki məlumata və tarixi qaynaqlara görə belə bir nəticəyə gəlinmişdir ki, "...türbə Məhəmməd Cahan Pəhləvanın ölümündən bir az öncə bitmiş, baştağ isə onun ölümündən sonra tikilmişdir. Şübhəsiz ki, Məhəmməd Cahan Pəhləvanın özü də bu türbədə dəfn edilmişdir".
Memar Əcəmi bu türbəni Yusif Küseyir oğlu türbəsindən 26 il sonra inşa etmişdir. Mömünə xatun türbəsinin ümumi quruluşu – sərdabə və qüllə, kompozisiyanın inkişaf yolu, memarlıq tutumlarının düzümü öncəki türbədə olan sayaq, dəyişməz qalır. Bununla birgə memar yeni, zəngin ifadə vasitələri ilə
bu əsərinə bənzərsiz, daha yüksək bədii görkəm vermişdir
Türbə,
kiçik tikililər arasında xüsusi seçilən, təxminən 25 metrlik onbucaqlı həcmə
malikdir. Türbə qırmızı dioritdən olan qaya daşları ilə örtülmüş postament
(altlıq) üstündə ucaldılmışdır.
Mömünə
Xatun türbəsi öz sələfindən ilk öncə ölçü böyüklüyü və plan biçiminin mürəkkəbliyi
ilə seçilir. Türbənin sərdabəsi planda onbucaqlıdır. Əcəmi alt qatın möhkəmliyinə
xüsusi fikir vermiş ucaltdığı sərdabənin
ortasında qalın onüzlü dayaq qoymuşdur. Dayağın üzləri yan tərəflərə sivri tağbəndlərlə
birləşdiyindən göbələkvari bütöv və dayanıqlı örtük konstruksiyası yaranmışdır.
Göbələkvari
dayağın gözəlliyini və işlənmə effektini daha da artırmaq məqsədi ilə memar
onun tinlərindən qarşı künclərə kərpic qabırğalar – nervürlər atmışdır. Bu
qabırğalar ulduzvari karkas yaratmışdır. Bu karkas da biçimcə abidəni bəzəyən və
riyazi ahəngdarlığa əsaslanan naxış quruluşları ilə bir köklüdür. Karkasların
araları saya naxışlı kərpic hörgüsü ilə üzləndiyindən konstruksiyanın tektonik
gözəlliyi daha aydın duyulur.
Türbənin qülləvari prizmatik tutumunun təmiz
həndəsi gözəlliyini pozmamaq üçün memar giriş qapısı olan şərq üzünü xüsusi
tutum və bəzəklərlə o biri üzlərdən kəskin ayırmamışdır. Qülləyə düzbucaqlı
giriş qapısı dayaz sivri tağça içərisinə salınmış, onun üstündə kərpicdən kufi
xətti ilə "Bənna Əcəmi Əbu Əkr oğlu" kitabəsi yığılmışdır. Bunları
içinə alan saya baştağ kompozisiyasının üstündə, tinləri birləşdirən düzbucaqlı
çərçivədə eyni xəttlə türbənin tikinti tarixi yazılmışdır.
Üzlərdəki
sivri tağçaların bəzəyində işlədilmiş parlaq göy-firuzəyi kaşılı kərpiclər
bişmiş kərpicin ümumi qırmızımtıl koloriti fonunda təsirli vurğular, qovşaqlar əmələ
gətirir. Bu vurğular mürəkkəb naxış çeşnilərinin qavranılmasını asanlaşdırıb, rəng
həllini zənginləşdirməklə yanaşı tağçaiçi səthlərə məxsusi incəlik və vizual dərinlik
gətirir.
İnteryeri
qapayan günbəzin kərpic sıralarından olan yerliyində perpendikulyar oxlar üzərində
qoyulmuş dörd dairəvi xonça medalyon (diametri 1,5 m) gözə dəyir. Gəc üzərində
oyma üsulu ilə yaradılmış bu gözəl dekorativ sənət örnəkləri bitkisəl naxışlar
fonunda çəkilən kufi xəttli ulduzvari kompozisiyalardan ibarətdir.
Kompozisiyaların hamısının özəyini "Allah" sözü təşkil edir. Bu özəyi
bir-biri ilə kəsişərək 6, 8 və 10 bucaqlı dekorativ biçimli ulduzlar əmələ gətirən
adlar çevrələyir. Burada Allah (c.c.), Ömər, Osman, Əli sözləri yazılmışdır.
Görünür memar öz adını da bu adlarla birləşdirmişdir.
Dairəvi
xonçalar XII yüzilin nadir gəctəraşlıq əsəridir. Eyni tarixi dövrün əsəri olan Xərrəqan
türbəsinin iç tağça əyrilərinin ortasında da dairəvi medalyonlar çəkilmişdir.
Çoxu quş və əjdaha təsvirləri olan bu xonçalar içərisində ortası dekorativ
biçimli 6 və 8 bucaqlı ulduzlarla doldurulmuş olanları da vardır. Həm də bu
ulduzlar çalkeçir yolu ilə standart ayrıntılardan yaradılmışdır. Mömünə Xatun
xonçaları bu əski türk gələnəklərinin inkişaf etmiş və tam islamlaşmış
biçimidir. Əcəmi günəş və planetlərin rəmzi olan bu dairəvi xonçaları
interyerin ən uca yerinə – günbəz əyrisi içərisinə qaldırmış, yarıqaranlıq türbə
interyerini "işıqlandırmışdır".